Aİ Nümayəndəliyi "İşə qəbul və XXI əsrin bacarıqları" mövzusunda təlim keçirib (FOTO)  

17:00 20.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca üçüncü təlim keçirib.

Hafta.az-ın yazdığına görə, gənc nəsli əmək bazarı və bacarıqların artırılması üzrə düzgün və hərtərəfli istiqamətləndirəcək “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda praktiki təlim “Azərbaycan HR İnstitutunun” təsisçisi və rəhbəri Emil Hüseynovun iştirakı ilə 2024-cü ilin  aprel ayının 20-də baş tutub. Tədbirdə 100 gənc iştirak edib.

Aİ 2023-2024-cü illəri “Avropa bacarıqlar ili” bəyan edib. Məqsəd innovasiyaları və rəqabəti dəstəkləməklə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsi yolu ilə “yaşıl” və rəqəmsal texnologiyalara keçidə töhfə verməkdir. “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyera planlanması, təhsil və tələbə təqaüdü imkanları barədə bilgiləndirmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.

Qeyd edək ki, bu qəbildən olan ilk seminara Aİ-də müxtəlif təhsil və məşğulluq imkanları barədə bilik əldə etmək istəyən 100-dən artıq iştirakçı qatılmışdı. Aprelin 26-da keçiriləcək növbəti seminar kiçik biznes üçün zəruri bacarıqlara həsr olunacaq. “Doğru bacarıqlar qazan” kampaniyasının gələcək nəsilləri ilhamlandıracaq xüsusi qonarların iştirakı ilə baş tutacaq zirvə tədbirinin - “Aqora” toplantısının may ayında keçirilməsi nəzərdə tutulub.

“Doğru bacarıqlar qazan” kampaniyasının məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz şəkildə göstərməkdir. Aİ ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurub, kənd təsərrüfatı istehsalına başlayıb, yeni bacarıqlar əldə edib və təlimlərdən keçib.